İranın “qırmızı xətləri” mif idi| Tehranda teokratik rejim hərbi diktatura ilə əvəz oluna bilər?

2024/12/1734496737.jpg
Oxunub: 906     15:20     19 Dekabr 2024    
İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciətində bəyan edib ki, Suriyada vətəndaş müharibəsinin başlamasından etibarən son 13 ildə dini rejim Bəşər Əsəd rejiminin saxlanmasına 30 milyard dollar, “Hizbullah”ın silahlanması və saxlanmasına isə 20 milyard dollar ayırıb.

“Əsəd rejimi devrilib, “Hizbullah”ın başçıları isə külə çevrilib, bu gün onun raket anbarlarından tüstü qalxır”, - deyə İsrailin Baş naziri qeyd edib və iranlıların da azadlıqdan zövq alacaqlarına ümid etdiyini bildirib. Netanyahu sentyabrdan etibarən üçüncü dəfə İran xalqına müraciət edir və onları yəhudi dövləti ilə dinc əməkdaşlığı seçməyə çağırır. Yeri gəlmişkən, o, eyni mesajı Suriyanın keçid hökumətinə də göndərib və bildirib ki, əgər Dəməşq sülhsevər qonşu olmaq niyyətindədirsə, Yerusəlim onunla əlaqələr qurmağa hazırdır.

İsrail-Suriya “cəbhəsi”ndə hansı hadisələrin baş verəcəyini söyləmək çətindir. İranda isə sanki daxili ixtilaflar üzə çıxır. Tehran Universitetinin beynəlxalq əlaqələr üzrə professoru İbrahim Mütəci Qərb mətbuatına deyib ki, Bəşər Əsəd rejiminin süqutundan və Livanda “Hizbullah”ın sarsıdıcı məğlubiyyətindən sonra İran kiçilib və adi dövlətə çevrilib. Siyasi şərhçi Həsən Şəmşədi “The New York Times”a deyib ki, ictimaiyyətin bütün təbəqələri İranın Yaxın Şərq siyasətini müzakirə edir və böyük vəsaitlərin hansı məqsədlə xərcləndiyini, itkilərin nə ilə izah edilə biləcəyini soruşur.

İsrail KİV-i “əvvəllər Suriyada döyüşmüş” Əlirza Mukraminin sosial şəbəkədəki paylaşımını sitat gətirir: “Əsəd sizi dinləməyibsə, niyə ümumxalq pullarını onun planlarına yatırmısınız?”. Məlumatlara görə, İranın ruhani lideri Xameneyi ən yaxın ətrafına deyib ki, Əsədə hələ sentyabr ayında üsyançı qüvvələrin hücumu barədə xəbərdarlıq edib, lakin o “diqqət yetirməyib”.

Artıq belə olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ budur: İsrailin Baş naziri açıq mətnlə, Birləşmiş Ştatlar isə mətbuat nəşrləri və böyük ehtimalla həm də qapalı diplomatik kanallarla İran dini dövlətinə istənilən “kəskin jest”in adekvat hərbi cavab alacağı ilə bağlı xəbərdarlıq edir, iranlıları isə sadəcə olaraq vətəndaş itaətsizliyinə çağırır. Əsəd rejiminin devrilməsindən bir həftə keçsə də, İran prezidentinin “səsi eşidilmir”.

Aylar əvvəl ictimai bir sual vermişdik ki, İranda ikili hakimiyyət varmı, prezident Məsud Pezeşkian bir istiqamətdə, dini lider isə başqa bir istiqamətdədirmi? Mübaliğə kimi görünməsin, amma bu gün İranda beynəlxalq səviyyədə fəaliyyət göstərən bir hökumətin olub-olmamasına şübhə etmək olar. Tehranda hər şey gözləniləndir: dini dövlətin çökməsi və ya Pezeşkianın istefaya göndərilməsi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi diktaturasının qurulması.

İranın 5 min illik dövlətçilik tarixinin olması, qüdrətli ölkə olması və təhlükəsizliyinin “qırmızı xətləri”nin pozulmasına imkan verməyəcəyi barədə miflərin vaxtı keçmişdə qalıb.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail   Suriya  


Bizi "telegram"da izləyin